ADAU-da “Yerli texnoloji startapların inkişafının təşviqi üzrə bilik və dəstək texniki yardımı” layihəsi

ADAU-da “Yerli texnoloji startapların inkişafının təşviqi üzrə bilik və dəstək texniki yardımı” layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib
11 fevral 2021-ci il tarixində Azərbaycan  Dövlət Aqrar Universitetinin (ADAU) iştirak etdiyi Koreya Respublikasının “e-Asiya Bilik və Tərəfdaşlıq Fondu”nun qrantı əsasında həyata keçiriləcək layihə ilə bağlı növbəti müzakirə təşkil edilib. Görüşdə Steinbeis Transfer Menecment LTD-nin əməkdaşı Jürgen Razner, layihənin ekspertlərindən Turan Süleymanov, ADAU-nun tədris işləri üzrə prorektoru dosent  Anar Hətəmov, ADAU İnnovasiyalar mərkəzinin əməkdaşları Fərrux Rəhimov və Elvin Ağayev iştirak etmişlər. Əvvəlcə Jürgen Razner çıxış edərək təmsil etdiyi şirkət və layihədə icra edəcəkləri işlər haqqında məlumat vermiş, daha sonra çıxış edən A. Hətəmov qonaqlara təşəkkür edərək universitet barəsində ətraflı təqdimat nümayiş etdirmişdir. Qarşılıqlı müzakirə şəklində keçən görüşdən İnnovasiya mərkəzinin əməkdaşları F. Rəhimov və E. Ağayev qonaqları maraqlandıran suallara cavab vermişlər. 
Qeyd edək ki, layihə ötən ilin noyabr 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Asiya İnkişaf Bankının Azərbaycandakı Rezident Missiyası arasında imzalanan “Texniki Yardıma dair Anlaşma Memorandumu” əsasında icra olunur.