Əmək yarmarkaları

         7 may 2015-ci il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunmasi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC-nin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib. Yarmarkada respublikanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 15-dən çox şirkəti, 500 nəfərdən çox işaxtaran məzun iştirak edib. Keçirilən tədbirdə ümumilikdə 106 vakant iş yeri təklif olunub ki, burada da baytarlıq, aqronomluq, zoomühəndislik, maşın mühəndisliyi, aqromühəndislik, informasiya mühəndisiliyi, qida mühəndisiliyi, meliorator kimi peşələr üstünlük təşkil edib. Yarmarkada əsasən ADAU-nun əvvəllər bitirmiş məzunlar iştirak ediblər. Əmək yarmarkasında Agro Dairy MMC, Grand Motors MMC, Bozdag Müasir HK, NN-2013, Gilan Holdinq, Aqro kom Qəbələ MMC, Qarabağ Taxıl ASK, Səba MMC, Biləsuvar Süd MMC, MKT İK MMC, BMS Agro MMC, Azər Toxum MMC, Türyançay FT, Süsən Agro MMC, Nurgün Agro MMC, Toxumçu MMC və digər müəssisələr iş yerlərini universitetin məzunlarına təklif ediblər. Bütövlükdə yarmarkada iştirak edən müəssisələr 177 məzunun sənədlərini qəbul edib. Bu müəssisələri sırasında Agro Dairy MMC və Grand Motors MMC xüsusilə fərqləniblər. Yarmarkada iştirak edən və iş axtaranıların 35 faizi bu ilin, 65 faizi isə əvvəlki illərin məzunları olub.​

       Azərbaycan Dövlət Aqrar Universitetində sayca 7-ci “Məzun 2015” əmək yarmarkasında məzunlara 1200-yaxın vakant iş yerləri təqdim olunub. Respublikada fəaliyyət göstərən 150 müəssisə, təşkilat, şirkət və fermer təsərrüfatları yarmarkada təmsil olunub.

        Yarmarkada 938 nəfər cari ilin məzunları ilə yanaşı 62 nəfər əvvəlki illərdə universiteti bitirən məzunlar da iştirak edib. Həmçinin ali təhsil ocağının nəzdində fəaliyyət göstərən “Quşçuluq Tədris Mərkəzi”ndə istehsal olunmuş quşçuluq məhsulları, taxıl və paxlalı bitkilər laboratoriyasının yeni taxıl sortları yarmarka iştirakçılarına güzəştli qiymətlərlə təklif olunub.

        Aqrar sahəyə aid olan ixtisaslarla yanaşı qeyri aqrar yönümlü iş yerləri də yarmarkada məzunlara təqdim edilib. Tədbirdə Universitetin məzunları ilə yanaşı, şəhər ictimaiyyətinin, Gəncə şəhər İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Məşğulluq Xidmətinin nümayəndələri də iştirak edib.

        Azərbaycan Dövlət Aqrar Universitetində artıq 9-cu məzun yarmarkası keçirilib. Məzunların işlə təminatında bu yarmarkaların mühüm əhəmiyyət daşıdığı dəfələrlə təsdiqini tapıb. Universitetdə növbəti, 9-cu “Məzun 2017” yarmarkasında respublikanın 35 şəhər, rayonundan 129 müəssisə və şirkət iştirak edib,  910 vakant iş yeri məzunlara təklif olunub.

       Təhsil müəssisəsi indi inkişafının  zirvə ömrünü yaşayır. Tədrisin maddi-texniki bazası gücləndirilib, müasir tələblərə cavab verən  şərait yaradılıb. Ən əsası təcrübə dərsləri daim diqqət mərkəzində saxlanılıb. Elmi tədqiqat və tədris mərkəzləri indi tələbələrə  bütün imkanları verib. Təbii ki, bütün bunlar kadr hazırlığının səviyyəsinə öz müsbət təsirini göstərir.

      17 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin müasir tipli tələbə yataqxanasının açılışında iştirak etməsi qeyd olunanların bariz nümunəsidir. Tələbələrimizə böyük hədiyyə olan kompleks dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Tikintisi sürətlə aparılan eyni layihə əsasında daha bir yataqxananın  isə yeni dərs ilinə kimi istifadəyə verilməsi nəzərdə tutulub.

       Bu il universitetdən bakalavriat pilləsi üzrə əyani təhsil formasında  880, qiyabi isə 269 nəfər tələbənin məzun olacağı gözlənilir. Aqronomluqdan  50, Aqrotexnologiyadan 143, Baytarlıq təbabəti və zoomühəndislikdən 118, Mühəndislikdən 230, Aqrar iqtisadiyyatdan 174, Aqrobiznes və idarəetmədən 165 məzun vakant yerləri tutmaq üçün yarmarkada iştirak edib. Bununla yanaşı qiyabi təhsil formasını bitirən, eləcə də əvvəlki illərdə məzun olanlar da yarmarkaya iştirak edib.

      Məzun yarmarkasında Kənd Təsərrüfatı nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov, təhsil üzrə ekspert Əjdər Ağayev, ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, şirkət və fermer təsərrüfatlarının rəhbərləri, məzun və hazırda oxuyan tələbələr çıxış edib, aqrar sahəyə dövlət qayğısından, bu möhtəşəm tədbirin əhəmiyyətindən, təhsil müəssisəsində yaradılan şəraitdən danışıblar, məzunlara uğur arzulayıblar.

        Yarmarkada Qrand Motors MMC, Azərsun Holdinq, Gilan Holdinq, Nurgün Aqro MMC, Vətən AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Şəmkir Aqropark, ümumilikdə 129 müəssisə və şirkət iştirak edib və əksəriyyət qurumlar iş təklifi ilə gəlib.

      Yarmarkada iştirak edənlər, eyni zamanda, universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, müasir istixana kompleksi və digər obyektlərlə tanış olublar.